Şəfəqə Doğru » Manşet » “Azərbaycanda kredit mədəniyyəti çox aşağıdır”

“Azərbaycanda kredit mədəniyyəti çox aşağıdır”

“Azərbaycanda kredit mədəniyyəti çox aşağıdır”
Bankların vəziyyəti müzakirə olundu; Vahid Əhmədov: "Xarici ölkələrdə banklar insanlara təklif edirlər ki, kredit götürüb, hansısa iş görsünlər, Azərbaycanda isə bunun əksi baş verir”


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tərəfsiz Jurnalistlər İctimai Birliyi "Bank istehlakçıları arasında maliyyə savadlılığına dair maarifləndirmə işinin aparılması” mövzusunda tədbir keçirib. Musavat.com-un məlumatına görə, tədbirdə deputat Vahid Əhmədov, bank mütəxəssisləri, bank işi üzrə təhsil alan tələbələr və jurnalistlər iştirak ediblər. Tədbiri açıq elan edən birliyin sədri Elşad Eyvazlı ölkədə kredit mədəniyyəti barədə müzakirələr aparılacağını bildirib: "Cəmiyyətdə belə fikir formalaşır ki, banklar insanları soyurlar və onlar buna arqumentlər də gətirirlər. Lakin banklar da bildirirlər ki, bəzən insanlar aldıqları krediti faizsiz şəkildə belə qaytarmırlar. Bu gün qeyd etdiyimiz məsələləri müzakirə edəcəyik”.


İlk olaraq söz bank müdiri Ramin Bayramova verildi. R.Bayramov bankların problemləri barəsində danışdı: "İlk növbədə bilmək lazımdır ki, bankların bir nömrəli vəzifəsi vəsaitləri cəlb edib, kreditə yerləşdirməkdir. Yəni bankların verdikləri kreditlərin hamısı özlərinə məxsus sərbəst vəsaitlər deyil ki, bank onları tələb etməkdən imtina etsin. Ona görə də biz əgər insanların maddi vəziyyətini düşünürüksə, bu aspektdən bankların da durumuna yanaşa bilərik. Məsələyə həm bank, həm də istehlakçı tərəfdən baxdıqda bugünkü problemlərin obyektiv və subyektiv səbəblərini görmüş oluruq”.


Mütəxəssis bank sahəsinin hazırkı durumu və buna səbəb olan faktorları da sadaladı.


Deputat Vahid Əhmədov isə bildirdi ki, əsas məsələ kredit mədəniyyətidir: "Bu gün Azərbaycanda kredit mədəniyyəti çox aşağı səviyyədədir. Əlbəttə ki, burada insanların da, bankların da günahı var. İnsan borc götürürsə, düşünməlidir ki, bunu qaytara biləcək, yoxsa yox. İkincisi də imzalanan müqaviləyə də diqqətlə baxmaq lazımdır. İnsan istəyir ki, tez gedib vəsaiti götürsün və müqaviləni diqqətlə oxumur. Nəticədə problemlər yaranır. Banklar kreditləri birincisi, insanların qoyduqları əmanətlər, ikincisi, Mərkəzi Bankın mərkəzləşmiş kredit portfeli hesabına verirlər. Üçüncüsü isə o bankların ki, xarici dövlətlərlə, maliyyə qurumları ilə razılıqları var, oradan da müəyyən qədər vəsait götürürlər. Ancaq Azərbaycanda xarici maliyyə qurumları ilə əlaqəsi olan banklar çox azdır. Sadaladığımız üç mənbədən əsası insanların əmanətləridir. Əmanətlərin hansı faizlə götürülməsi bankın da hansı faizlə kredit verməsinə birbaşa təsir edir. İki devalvasiyadan sonra isə Azərbaycanda bank sistemində vəziyyət kəskin şəkildə pisləşdi. Çünki banklar özləri də çox ciddi maliyyə sanksiyasina məruz qaldılar, yüksək miqdarda vəsait itirdilər. Cənab prezident də öz çıxışında qeyd etdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran bank sistemi oldu. Yəni rəqəmlər bunu göstərir”.


Deputat bildirib ki, Azərbaycanda bank sistemində faizlər hər zaman çox yüksək olub: "Elə bank olub ki, 30-35 faizlə insanlara kreditlər verib. Ancaq elə banklar da olub ki, normal şəkildə fəaliyyət göstəriblər. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında məqsəd odur ki, bank sistemində sağlamlaşdırılma əməliyyatları həyata keçirilsin. Xarici ölkələrdə belədir; banklar insanlara təklif edirlər ki, kredit götürüb, hansısa iş görsünlər. Azərbaycanda isə bunun əksi baş verir. Banklar hazırda bəzi kredit götürən vətəndaşlara gücləri çatdığı formada köməklik edirlər. Ancaq hər kəsə güzəştə getmək də mümkün olan şey deyil. Hazırda ölkədə 32 bank fəaliyyət göstərir, hesab edirəm ki, bu da çoxdur. Normal fəaliyyət üçün banklar müəyyən qədər nizamnamə kapitalına malik olmalıdırlar. Düşünürəm ki, növbəti aylarda da bəzi banklar bağlanacaq. Mən əslində heç zaman bunun tərəfdarı olmamışam. Çalışmaq lazımdır ki, bir neçə bank bir bank ətrafında birləşsin və ümumi kapitalı toplasınlar ki, insanlara kredit verə bilsinlər”.


Vahid Əhmədov manatın məzənnəsi ilə bağlı baş bankir Elman Rüstəmovun jurnalistlərə verdiyi açıqlama barəsində də danışıb. O bildirib ki, həqiqətən də manatı indiki vəziyyətdə saxlamaq mümkündür:


"Manatın ucuzlaşması ilə bağlı məsələ çox ciddidir. Bəllidir ki, bir neçə aydır manatın məzənnəsi qorunub saxlanılır. Bu elə-belə baş vermir və müəyyən işlər görülür. Manat neftin qiymətindən, idxal-ixrac əməliyyatından, maliyyə bazarındakı tələb və təklifdən asılıdır. Əgər bu proseslərə normal nəzarət olarsaq, doğrudan da heç bir problem olmaz. Hzırda idxal-ixrac əməliyyatında ilk dəfə olaraq Azərbaycanda müsbət saldo yaranıb. Yəni biz idxalı azaldıb, ixracı isə çoxaltmışıq. 2016-cı ildə isə bu belə deyildi. Müsbət saldonun yaranması manata birbaşa təsir göstərir. İkincisi isə pul-kredit siyasətinə də ciddi nəzarət həyata keçirilir. Manatın xərclənməsinə bu cür nəzarət olacaqsa, məzənnəni qoruyub saxlamaq mümkündür. Ancaq burada bir məsələ də real sektorun inkişafıdır. Manatı qoruyub saxlamaq mümkündür, bir şərtlə ki, real sektorda vəsaitdə problem yaranmasın”.


Daha sonra deputat və mütəxəssislər verilən suallar ətrafında fikir mübadiləsi aparıblar.