Azərbaycana idxalına aksiz tətbiq olunan məhsulların qiymətində bahalaşma ola bilər. Buna aksiz dərəcələrinin artırılması yol açacaq.
Shafaqadogru.com xəbər verir ki, bu haqda xəbəri "Yeni Müsavat”yayıb. Qəzet bildirib ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin dediyinə görə, siqaret və alkoqollu içkilərə tətbiq olunana aksiz vergisi çoxdandır dəyişməz qalıb: "Bu dərəcələrə çoxdandır baxılmır. Bildiyiniz kimi, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri inkişaf edir. Digər tərəfdən, siqaret və alkaqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var”.
Yazıda bildirilir: "DGK rəhbəri A.Əliyev artımın aşağı həddə olacağını deyib. Amma rəqəmlərə diqqət yetirdikdə, nəzərdə tutulan proqnoza əməl edilməsi üçün artımların elə də aşağı olmayacağını görürük. Belə ki, ölkəyə tütün və tütün məmulatlarının idxalında ildən-ilə azalma qeydə alınır. DGK-nın məlumatına görə, bu ilin 9 ayında Azərbaycana 114,66 milyon dollarlıq tütün və tütün məmulatı idxal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınmış 120,5 milyon dollarlıq idxalda 5 faizə yaxın azalma deməkdir.
Qiymətlərin artımından isə əhalinin bütün təbəqələri əziyyət çəkəcək - baxmayaraq ki, siqaret zəruri tələbat malları siyahısında yoxdur, hazırda demək olar ki, hər bir ailədə ondan istifadə edən var. Bu isə aksizlərin qaldırılması nəticəsində baş verəcək qiymət artımından bütün ölkə əhalisinin zərər çəkəcəyi deməkdir”.