Məlum olduğu kimi, ölkəyə gətirilən avtomobillərə tətbiq olunan idxal gömrük rüsumlarının artılılması ilə bağlı qərar verilib.
Bu barədə fikirlərini mia.az-la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, gələn ildən avtomobillərin gömrük rüsumunu ciddi şəkildə artırmağı düşünürlər, indiki tarifləri təxminən 2 dəfə artırırlar. Onun fikrincə, gömrük rüsumunun mənası daxili bazarı qorumaqdır, ağıllı hökumətlər bu alətdən istifadə edərək daxili istehsalçıları dəstəkləyir:
"Azərbaycanda daxili istehsal olmayan sahələrdə böyük gömrük rüsumları təyin etmək görməmişlikdir, əhalinin cibinə girməkdir. Çünki, istənilən vergi dərəcəsinin və gömrük rüsumunun son ödəyicisi vətəndaşdır. Ölkədə NazLifanı üzü-gözünə bulaşdıran, AzSamand kimi fiasko təcrübəsi olan hökumət heç bir nəticə çıxartmadan, indi yenə İranla birgə yerli maşın yığmaq istəyir, o maşında da yerli "detal" ancaq təkərlərə vurulan hava olacaq, bu macəra da itkilərlə bitəcək".
Yerli maşın istehsalı yoxdursa, hökumət maşınların gömrük rüsumunu niyə artırır?
Ekspert hesab edir ki, hökumət yanlış yoldadır. Onun sözlərinə görə, hökumətdəkilər düşünürlər ki, bu qərarla büdcəyə əlavə vəsait gələcək, amma gəlməyəcək:
"Çünki alıcılıq qabiliyyəti düşüb, satış azalacaq. Hökumətdəki müəllimlər anlasın deyə, çox sadə izah edim. Əgər indi 100 maşın gətirilirsə, hərəsindən 10 manat rüsum tutulursa, büdcəyə 1000 manat daxil olur. Rüsum artanda, alıcılar da azalacaq, ölkəyə 20 maşın gətiriləcək, hərəsindən 20 manat rüsum alınsa, bu, 400 manat edəcək - deməli büdcə 600 manat itirəcək".