ABŞ heç vaxt İranla müharibə etməyəcək.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ Dövlət katibi Reks Tillersonun İrana qarşı müttəfiqləri ilə birgə hərəkət edəcəkləri haqda fikirlərinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, İrandakı rejim nə vaxta qədər davam edəcəksə, o vaxta qədər ABŞ, Avropa və İsrail müsəlman ölkələri arasında məzhəb manipulyasiyası ilə uğurla məşğul olacaq:
"İran mehriban və lazımı düşməndir. İraq və Əfqanıstan müharibələrində ABŞ İranla birlikdə Taliban və Səddam rejimlərini devirdi. Məhz bu savaşdan sonra ABŞ İraqı İrana verdi. İndi İraqda tam bir İranyönümlü rejim fəaliyyət göstərir. Hətta xatırlayırsınızsa, inqilab dövrü İranda Amerika səfirliyinə hücum edilən zaman bütün amerikalı prezidentlər İranı vurmaqla hədələyirdi. Lakin bunlar hədədən o tərəfə keçmədi. Ona görə gələn il də Amerika-İran münasibətləri hədələr siyasətindən o yana keçməyəcək”.
Politoloq qeyd edib ki, ABŞ İrana silahlanmağa imkan yaradacaq, lakin ona nüvə silahı yaratmağa imkan verilməyəcək:
"İrana o zaman atom bombası yaratmağa imkan verilər ki, o silaha Türkiyə də sahiblənsin. Suriya müharibəsinin əvvəlində bir israilli general da Əsədlə bağlı maraqlı fikir səsləndirmişdi: "Əsəd düşməndir, amma mehriban düşməndir. O heç vaxt İsraillə müharibə edən deyil. Amma müxalifət hakimiyyətə gəlsə, bu, İsrail üçün daha təhlükəli ola bilər”. Eynilə də İran. İrandakı hazırkı rejim heç vaxt İsrailə qarşı müharibə edən deyil, eləcə də Amerika və İsrail də heç vaxt İrana qarşı müharibə etməyəcək. Qərb İrana, İran da Qərbə islamda status-kvonun qalması üçün lazımdır”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson bundan sonra da ABŞ-ın İranla nüvə proqramı barədə razılaşmanın çatışmazlıqlarının aradan qaldırılması istiqamətində çalışacağını bildirib.