Türkiyə polisi İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı 2-si Suriya vətəndaşı olmaqla 14 nəfəri saxlayıb.
Shafaqadogru.com com xəbər verir ki, saxlanılan suriyalı Basil Bektaş polisə ifadəsində İŞİD-in girov götürülən qadınlara dərman verərək satışa çıxardığını deyib.
Tutduğu əməllərdən peşman olan Bektaş ilginc etiraflar edib. O bildirib ki, İŞİD Rakkanın keçmiş valisinin evindən logistik mərkəz kimi istifadə edib. Ev 500 silahlı tərəfindən mühafizə olunub. İŞİD-in cəlladlarından olan Həsən Aydın da mühafizəçilər arasında olub.
Bektaş qeyd edib ki, İŞİD təşkilata yeni üzv olanların yeməklərinə sintetik qatqılar əlavə edib. Bu, yeni üzvlərdə qorxmazlıq hissi yaradıb.
"Rakkada qadın bazarı vardı. Orada əsasən Sincar və Yezidi qadınları satırdıq", - deyə o bildirib.
Suriyada Türkiyənin iki vətəndaşının qaçırılmasında iştirak etmiş və İŞİD-in türkcə təbliğatını aparmış terrorçu Həsən Aydın haqqında danışan Bektaş onunla bir neçə dəfə görüşdüyünü və yeni üzvləri "cihada gedirik" deməklə döyüşlərə cəlb etdiyini deyib.
"Məhmət A. və Mətin A. ilə Aydının cib telefonu ilə danışırdım. Onlar mənə Türkiyədə İŞİD-in adından aksiya keçirmək istədiklərini, amma saylarının az olduğunu dedilər. Mən də onlara "Türkiyədə mənim ayaqqabım aksiya keçirə bilər, amma siz bacarmarsız", - deyib, mübahisə etdim. Bundan sonra onlar mənə qarşı hücuma keçdilər.
Qeyd edək ki, Türkiyə polisinin həbs etdiyi İŞİD-çilər sırasında Həsən Aydının qardaşları Rəmzi və Rəcəb Aydın da var.
Suriyada polis işləmiş Atat və Əl Əli İŞİD-in 25-30 yaşlarında olan hər bir kişini müharibəyə cəlb edəcəkləri xəbərini eşidəndən sonra Türkiyəyə qaçıblar. Atat İŞİD-in hakimiyyət qurduqları bölgələrdə aqrar məhsulların 5 faizini zəkat olaraq aldıqlarını deyib. Əlavə edib ki, İŞİD hər bir silahlıya ayda 75 dollar maaş verib.