Şəfəqə Doğru » Manşet » "TÜRKİYƏNİ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ VADAR EDƏN SƏBƏBLƏR" - AKTUAL ŞƏRH

"TÜRKİYƏNİ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ VADAR EDƏN SƏBƏBLƏR" - AKTUAL ŞƏRH

"TÜRKİYƏNİ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ VADAR EDƏN SƏBƏBLƏR" - AKTUAL ŞƏRH
"Azərbaycanı və Türkiyəni növbədənkənar seçkilərin keçirilməsinə vadar edən səbəblər eynidir”.

Bunu "Sherg.az”a Türkiyənin 2018-ci ilin iyunun 24-də erkən seçkiyə gedəcəyi barədə qərarının səbəblərini izah edərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. 

Onun sözlərinə görə, bu məqamlar Azərbaycanın və Türkiyənin uzaqgörən siyasət yürütdüyünün isbatıdır:

"Ola bilər, Milliyyətçi Hərəkat Partiyasının (MHP)sədri Dövlət Baxçalı prezident Rəcəb Tayyib Ərdoğanın fikrini səsləndirib. Çünki MHP koalisiyada ikinci partiyadır və bu təklifi təkbaşına reallaşdırmaq gücündə deyil.

Türkiyəni prezident və parlament seçkilərini eyni vaxtda qabağa çəkməyə vadar edən regional səbəb İranla bağlı hadisələrdir. İranın ali rəhbəri Seyid Əli Xomneyi bir müddət əvvəl açıq şəkildə Amerikanın hücum planı olduğunu dedi. Məlumata görə, ABŞ və onun ətrafındakı dövlətlər 2018-ci ilin son üç ayında İranda çevriliş etmək niyyətindədir. Amerikalılar İranda çevriliş dedikdə İslami quruluşu, mövcud rejimi dəyişməyi nəzərdə tuturlar.

İran sıradan dövlət deyil, kim, necə gəldi, orada təxribat törədə bilməz. Dövlət çevrilişi etmək istəyən ölkələrin özlərində də gözlənilməz gərginlik baş verə bilər. Azərbaycan da, Türkiyə də bunu aydın müşahidə edir. Ona görə, hər iki dövlət İranda çevriliş riski yaranana qədər elektoral proseslərinin bitməsini seçdi. Əgər ABŞ və ətrafındakı dövlətlər - əsasən Səudiyyə Ərəbistanı və İsrail İrana qarşı kəskin addım atacaqlarsa, xaousun dairəsi genişlənəcək. Türkiyənin də bu proseslərə daxil edilməsi riski var”.

Rəsmi Tehranın inqilab riski yarandıqda atacağı addımlara gəlincə, M.Əhmədoğlu düşünür ki, İran iri dövlətlərə müqavimət göstərmək üçün Türkiyə ərazisindən istifadə edə bilər:

"Çünki qardaş ölkənin daxilində İrana bağlı qüvvələrin gücü getdikcə artır. ABŞ hərəkətə keçərsə, Türkiyədəki anti-Qərb meylli qüvvələr də aktivləşə bilər.

Ermənistan və Ərəb dövlətləri istisna olmaqla qonşu ölkələr öz ərazisindən İranın əleyhinə istifadə olunmasına imkan verməyəcək. Ermənistan isə indiki vəziyyətdə də alətdir və müəyyən maddi vədlər müqabilində belə məqsədlər üçün satıla bilər”.

Qeyd edək ki, bir müddət əvvəl MHP sədri Dövlət Baxçalı 2019-cu ilin noyabrında keçiriləcək prezident və parlament seçkilərinin erkən keçirilməsini təklif etmişdi. Prezident R. T. Ərdoğan isə Baxçalının fikrinin aralarındakı görüş zamanı müzakirə ediləcəyini və yalnız bundan sonra münasibət bildirəcəyini açıqlamışdı. Artıq prezident Türkiyənin 2018-ci ilin iyunun 24-də erkən seçkiyə gedəcəyini açıqlayıb.

Aysel Aslan