Şəfəqə Doğru » Manşet » Müraciət etməyən məhbus əfv olunmayacaq - iddia

Müraciət etməyən məhbus əfv olunmayacaq - iddia

Müraciət etməyən məhbus əfv olunmayacaq - iddia
Əliməmməd Nuriyev: "Şəxsin əfv üçün müraciəti çox vacibdir”; Novella Cəfəroğlu: "Əfv sərəncamı yalnız ərizələr yazılandan sonra verilir”
Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi ilə bağlı imzalanan əfv sərəncamı bəzi iddialara yol açıb. Belə ki, bundan sonra bağışlanması üçün müraciət etməyən istənilən məhbusun adının əfv siyahısına salınmayacağı deyilir. Hətta bununla bağlı Azərbaycan hökumətinin yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına mesaj ünvanladığı iddia edilir.

Son əfvdə azadlığa çıxan 12 siyasi məhbus da daxil olmaqla, siyahıda adı olan 634 nəfərin hər birinin belə bir müraciət etdiyi və sonda azadlığa çıxdıqları arqument kimi önə çəkilir.

Əslində qalsa, "Yeni Müsavat”a açıqlamalarında son sərəncama münasibət bildirən bəzi tanınmışlar əfv müraciəti etmədən azadlığa çıxmağın mümkünsüzlüyü barədə günlər öncədən anonslar vermişdilər. Heç şübhəsiz ki, belə iddialar meydana çıxandan sonra əsas diqqətlər siyasi məhbuslara yönəlib. Çünki əfv üçün adətən siyasilər müraciət etmirlər və hazırda onlardan həbsxanalarda olanlar az deyil:

REAL sədri İlqar Məmmədov -7 il cəza alıb. Hazırda cəzasının 1 il 8 ayı qalır. NİDA-çı gənc İlkin Rüstəmzadə - 8 il azadlıqdan məhrum edilib. Cəzasının beş ilini bu ay geridə buraxdı. Gənc blogger Mehman Hüseynov - 2 il cəza alıb. Cəzasının bitməsinə 9 ay qalır. AXCP funksioneri Seymur Həzi - 5 il azadlıqdan məhrum edilib. 1 il 3 ay cəzası qalır. AXCP üzvü Asif Yusifli - aldığı 5 il cəzanın 1 il beş ayı qalır.

Əfvə düşmə şansları yüksək olmalarına baxmayaraq, müraciət etmədikləri üçün siyahıdan kənarda qalan belə siyasi məhbusların sayı onlarladır.

Əfvə düşməyən REAL sədri İlqar Məmmədov Cümhuriyyətin yüz illiyi ilə bağlı həbsxanadan göndərdiyi məktubda Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid edərək, azadlığa çıxmaq üçün heç zaman müraciət etməyəcəyinin mesajını verib.


Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev "Yeni Müsavat”a bildirdi ki, əfv bir hüquqdur: "Bunun bir hüquq olduğunu hər kəs bilməlidir. Bu bir vəzifə, öhdəlik deyil. Əfv mərhəmət və humanizmin bir tətbiqidir, fərdə yönələn bir aktdır. Şəxsin əfv üçün müraciət etməsi çox vacibdir. Müraciətə baxıb onu təmin edib və ya etməmək də bir vəzifə deyil. Bizim cəmiyyətdə belə bir hal müşahidə olunur, sanki kimsə əfvi bir öhdəlik kimi görür. Xüsusilə son əfv sərəncamından sonra bu özünü daha çox göstərdi. Ayrı-ayrı şəxslərin mütləq əfv olunmaları baxışları var. Bunlar olmadıqda izahat, səbəb istənilir. Sanki unudurlar ki, bu məhkəmə qərarı ilə deyil ki, vaxtından əvvəl şərti cəza tətbiq edilsin, yaxud amnistiya da deyil. İndiyə qədər əfv edilən şəxslərin böyük əksəriyyəti əfv üçün müraciət ediblər. Onlar etməsə də, yaxınları tərəfindən müraciətlər daxil olub. Həmin şəxslər barəsində bu müraciətlər olunub ki, onlar sərəncamla azad ediliblər. Əfv üçün müraciətin formaları da var. Bəzən bu formalara əməl etməmək həmin şəxsin əfv olunmamasına gətirib çıxarır. Bu formalar Əfv Komissiyasının əsasnaməsində göstərilir. Mütləq bunlara baxmaq lazımdır. Bəzən bir sıra şəxslər əfv olunmaları üçün KİV-lərdən, beynəlxalq qurumlardan alət kimi istifadə edib, buna bir təzyiq metodu kimi baxırlar. Bir tərəfdən özləri və yaxınları deyirlər ki, biz əfv üçün müraciət etməyəcəyik, digər tərəfdən əfv verilən zaman adlarını siyahıda görməyən kimi eyni münasibəti sərgiləyirlər. Siyasi məhbusları alver predmetinə çevirənlər başlayırlar ki, niyə filankəs əfv olunmadı. Bütün bunlara baxmayaraq, cənab prezident hər zaman humanizm, mərhəmət prinsiplərini əsas götürərək, əfv sərəncamları verir. Sonuncu da çox genişmiqyaslı sərəncam oldu. Bunu alqışlamaq lazımdır, bundan məyus olmaq düzgün deyil. İnsanlar arasında ayrı-seçkilik etmək olmaz. Güman edirəm ki, budəfəki əfvdə adları siyahıya düşməyənlər gələcək sərəncamlarla azad olunacaqlar. Bu istisna deyil. Çünki bundan öncəki sərəncamlarda belə halların şahidi olmuşuq”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu əfv müraciəti etməyənlərin azad edilməməsinin səbəblərinin onları da düşündürdüyünü söylədi: "Son əfvdə azad edilənlərin hamısı ərizə yazıb. Acınacaqlı hal odur ki, əfv sərəncamı yalnız ərizələr yazılandan sonra verilir. Bu təəssüfedici halı biz də müşahidə edirik. Bunun nə qədər davam edəcəyini söyləmək çətindir. Əgər sözlərini tutsalar, yaxınlarda İşçi Qrupu olaraq, Prezident Aparatının nümayəndələri ilə görüşlərimiz olacaq. Əfv Komissiyasının üzvləri ilə də görüşlərimiz gözlənilir. Görüşlərdə bu məsələni mütləq qaldıracağıq. Siyasi məhbus məsələnin nə zaman aradan qaldırılacağı, eləcə də digər məsələlərlə bağlı müzakirələrimiz olacaq. Deyə bilmərəm ki, görüşəcəyik, sadəcə, söz verdiklərini bildirmək istəyirəm. Əfv Komissiyası var ki, bu quruma tək məhbusların müraciət etməsi elə də vacib deyil. Biz də, onların yaxınları da müraciət edə bilərik. Bu müraciətlərə də baxıb əfvi verə bilərlər. Hətta həbsxana rəhbəri də məhbus barəsində məlumatlandırıcı müraciət edə və bunun da əsasında məhbus azad oluna bilər”.