Şəfəqə Doğru » Manşet » “Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib” - Ekspertdən xəbərdarlıq(MÜSAHİBƏ)

“Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib” - Ekspertdən xəbərdarlıq(MÜSAHİBƏ)

“Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib” - Ekspertdən xəbərdarlıq(MÜSAHİBƏ)
Banklar bu ilin üçüncü rübü üçün hesabatlarını açıqlayıblar. Bəs bankların durumunda hansı dəyişikliklər var? Bank sektoru böhranı arxada qoyubmu? 

Shafaqadogru.com  xəbər verir ki, iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov BakuPost-a müsahibəsində ən azı 4 bankın hələ də bağlanmaq təhlükəsində olduğunu söyləyir:


- Bankların üçüncü rüb üçün hesabatlarından hansı qənaətə gəlmək olar? Bankların durumunda müsbət istiqamətdə dəyişikliklər var?

- Hesabatların hamısı ilə tanış olmağa vaxtım olmasa da, bir hissəsi ilə tanışam. Bankların artıq hesabatları dərc etməsi faktının özü də müsbət haldır. İki il əvvəl bankların əksəriyyəti hesabatlarını dərc etmirdi. Bu, qanunun pozulması idi. Hesabatların dərc olunması bank sistemində şəffaflığın artmasına dəlalət edir. Amma iş praktikamda son illər apardığım müşahidələrə əsasən bilirəm ki, bankların hesabatlarına etibar yoxdur. Onların hesabatlarında yazdıqlarının ən azı bir qismi həqiqətə uyğun deyil. Hesabatlardakı bəzi məlumatlar şişirdilir, bəzi məlumatlar isə gizlədilir. Bu da əsasən problemli kreditlərlə bağlıdır. Banklar problemli kreditlərinin həcmini azaldır, nəticədə az ehtiyat yaradır, kapitallarını şişirdirlər. Əslində, zərərləri daha çoxdur. Xatırlayıram, 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankı bağlamışdı. Palata bunun səbəbləri sırasında həm də hesabatlarının təhrif edildiyini vurğulamışdı. Digər tərəfdən, Azərbaycan tarixində müflisləşmiş ən iri bank 2016-cı ilin oktyabr ayında "Bank Standart” olub. Məlum oldu ki, bu bankın da illər, rüblər boyu dərc etdiyi maliyyə hesabatları, audit şirkətinin verdiyi rəylər həqiqətə uyğun deyilmiş. Yəni bankın zərəri göstəriləndən azı 10 dəfə çox imiş. Təəssüf ki, audit şirkətləri də bankların bu əməllərinə göz yumurlar.

Bu baxımdan hesabatlara tam inam yoxdur. Amma ədalət naminə bir məqamı da demək lazımdır. Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasını tənqid etmək dəbdədir. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının dövründə bank nəzarəti Mərkəzi Bankın dövründəki bank nəzarətindən daha obyektiv, daha dürüst həyata keçirilir. Banklar Palatadan daha çox qorxurlar. Bu da əslində, yaxşı haldır. Bu baxımdan yəqin ki, bankların hesabatları Mərkəzi Bankın dövründəki hesabatlar qədər təhrif olunmayıb.

- Hesabatlara ümumilikdə qiymət verilsə, hansı mənzərə ortaya çıxır?

- Hesabatlara ümumilikdə qiymət versək, banklarımız böhranı dəf edə bilməyiblər. Bankların problemli kreditləri əvvəlki qədər çoxdur, bəlkə də artıb. Yeganə müsbət cəhət banklarda əmanətlərin qismən artmasıdır. Bu, faktdır. Bu da ona dəlalət etmir ki, əhali banklara etimad edir, yaxud banklarımız daha yaxşı işləməyə başlayıblar. Sadəcə, hazırda milli valyutamız sabitdir, milli valyutada da əmanətlər üzrə faizlər yüksəkdir. Buna görə də banklara qısamüddətli, yüksək faizli əmanətlər qoyurlar. Bunun da hesabına əmanətlərin həcmi bir qədər artıb. Amma problemli kreditlər, digər problemlər, ən əsası da kapitallaşma problemi həll olunmayıb. Təəssüf ki, Mərkəzi Bank ağır vəziyyətdə olan banklara kredit vermir ki, onlar problemli kreditlərini qaytardıqları dövrə qədər heç olmasa həmin vəsaitlərdən istifadə edərək fəaliyyətlərini təmin etsinlər. Buna görə də böyük ehtimalla, bizi qarşıda bir neçə bankın bağlanması gözləyir.

- Hansı banklar bağlanma təhlükəsi ilə üzləşib?

- Ən azı 4-5 bank bağlanma təhlükəsi ilə üzləşib. Bəlkə də sayları daha çoxdur, çünki biz bankların həqiqi vəziyyətini bilmirik. Təəssüf ki, həmin bankların adlarını çəkmək olmaz, həmin bankların əmanətçiləri arasında ajiotaj yarana bilər. Bağlanma ehtimalı olan bankların da bir qismini hələ xilas etmək olar.
Niyə biz hansısa bankların bağlanma təhlükəsi ilə üzləşdiyini deyirik? Tutaq ki, bank kreditlər verir. Banklarda o kreditlərin xeyli hissəsi, bəzilərində əksəriyyəti problemli kreditlərdir, qayıtmır. Bank məhkəməyə müraciət edib, müxtəlif yollarda həmin kreditləri qaytarmağa çalışır. Bəzi hallarda cinayət əməlləri olur, hüquq-mühafizə orqanları da məsələyə qarışmalıdır ki, o kreditlər qaytarılsın. Bəzi banklarda həqiqətən vəziyyət belədir ki, 2-3 ilə həmin problemli kreditlərin əksəriyyətini qaytara biləcək. Çünki bizdə məhkəmələrdə vaxt çox gedir. Bank həmin problemli kreditləri 2-3- ilə qaytarsa da, bu gün əmanətçiləri var və onların əmanətini verməlidir. Yaxud bank öz borclarını, xidmət etdiyi hüquqi şəxslərin pullarını vaxtında verməlidir. Əgər bankın öz pulunu vaxtında qaytarmırlarsa, haradan versin?! Normal ölkələrdə bu hallarda nə baş verir? Mərkəzi Bank həmin banka kredit verir. Azərbaycanda da qanuna əsasən Mərkəzi Bankın funksiyalarından biri budur. Banklar pul tapmayanda Mərkəzi Banka gəlməlidirlər. Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası baxmalıdır ki, bu bankın verdiyi kreditlərin əksəriyyətinin qaytarılma ehtimalı böyükdür, həmin banka kredit verilməlidir. Bu halda bank Mərkəzi Bankın pulu ilə öz problemlərini həll edir, yavaş-yavaş kapitalını qaytarır və Mərkəzi Bankın borcunu da verir. Təəssüf ki, Mərkəzi Bank bu gün həmin banklara kredit vermir, kömək etmir.

Bəli, bəzi banklar da var ki, artıq onları xilas etmək mümkün deyil. Çünki o bankların verdiyi kreditlərin əksəriyyəti qayıtmayacaq. Niyə? Çünki girovsuz, qanunsuz verib. Bəlkə də elə bank sahibləri, bankı idarə edən şəxslər elə kreditləri bilə-bilə öz şirkətlərinə, yaxınlarına veriblər. Başqa sözlə, faktiki o kreditləri bankdan oğurlayıblar. Əlbəttə, onlar özləri o kreditlərin qayıtmasını istəmirlər. Belə banklar bağlanmalıdır. Lakin istəsələr, bankların xeyli hissəsini xilas etmək olar.

Yeri gəlmişkən, bir bank özünü artıq sanki bağlanası bank kimi aparır. Bu, "AccessBank”dır. Bu bankın da xeyli miqdarda problemli kreditləri var.
 
"AccessBank” öz hüquqşünaslarının qeyri-peşəkarlığı ucbatından kreditləri sənədləri düzgün tərtib edilməyib.

 
- Hesabatlara əsasən əhalinin banklardan kredit götürməsi ilə bağlı artım var. Bu nədən qaynaqlanır?

- Həqiqətən son aylarda banklarda kreditlərin sayı bir qədər artıb. Bunun da səbəbləri sadədir. Birincisi, Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb. Uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditlərin faizidir. Əgər bu ilin əvvəlində uçot dərəcəsi 15 faiz idisə, fevraldan başlayaraq Mərkəzi Bank əvvəlcə uçot dərəcəsini 13 faizə, sonra 11 faizə, sonra 10 faizə, bu günlərdə isə 9,75 faizə endirib. Yəni Mərkəzi Bank artıq banklara daha ucuz kreditlər verir. Təbii ki, banklar da bu ucuz kredit hesabına daha çox kredit verirlər. Digər tərəfdən də banklarda əmanətlərin həcmi artıb. Yəni əhali banklarda daha çox əmanət yerləşdirir. Banklar əmanətlər üzrə müştərilərə faiz ödəyir. Bu faiz də verilən kreditlər hesabına ödənilir. Buna görə də həmin əmanət qoyulan pulların boş qalmaması üçün banklar həmin pulları kredit şəklində verməlidirlər və verirlər də. Amma bu, elə bir ciddi artım deyil, cüzi artımdır.

 
- Ümumilikdə, ötən dövr ərzində bankların sağlamlaşdırılması yönündə görülən işləri necə qiymətləndirmək olar?

- Bu siyasəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirməli idi. Palatanın da fəaliyyəti hələlik uğursuzdur. Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısı Palatanın idarəetmə strukturunu, Nizamnaməsini dəyişdi. Az hallarda olur ki, hansısa dövlət qurumu təsis ediləndən sonra belə tezliklə onun Nizamnaməsində, idarə etmə sistemində belə dəyişiklik edilsin. Bu, o deməkdir ki, dövlət başçısı özü də Palatanın fəaliyyətindən narazıdır. Güman edirəm ki, əsas narazılıq da Palatanın aydın siyasətinin olmamasındandır. Nə edəcəklər, nə etmək istəyirlər? Maliyyə bazarları bu qeyri-şəffaflıq, qeyri-müəyyənlik özü bir problemdir. Yəni heç kim bilmir ki, bu gündən sabaha nə baş verəcək. Bu da çox ciddi problemdir.