Şəhid hərbi qulluqçu Tahir Xasməmmədovun qardaşı Qazax rayon sakini Firuz Xasməmmədovun birdəfəlik ödəməni (11 min manat) ala bilməməsi ilə bağlı bir neçə saytda yayılan şikayəti nazirlik tərəfindən araşdırılıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.
Bildirib ki, aidiyyəti notariat kontoru tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə məlumat ötürülən zaman sistem test rejimində fəaliyyət göstərdiyindən müvafiq sənədlər Nazirliyə daxil olmayıb.
"Vətəndaşın müraciətindən sonra aidiyyəti notariat kontoru ilə danışıqlar aparılıb və sənədlərin yenidən göndərilməsi təmin edilib. Belə ki, noyabrın 29-da şəhidimizin vərəsəsinin sənədləri nazirliyə daxil olub və aidiyyəti üzrə işçi qrupu tərəfindən baxılmaqdadır. Sənədlərin tamlığı təsdiq edildikdən sonra vərəsənin birdəfəlik ödəməni almaq hüququndan istifadə etməsi barədə sms vasitəsilə özünə məlumat veriləcək və ödəməni alacaq" -, deyə ƏƏSMN rəsmisi vurğulayıb.