Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 186 milyon 213 min dollar dəyərində 852 min 878 ton buğda idxal edilib.
Bu, Azərbaycanın 8 aydakı 9 milyard 383 milyon dollarlıq ixracının 2 faizinə bərabərdir. 2018-ci ilin 8 ayında Azərbaycana 145 milyon 789 min dollar dəyərində 653 min 228 ton buğda idxal edilmişdi. Beləliklə, buğda idxalı dəyər ifadəsində 40 milyon 424 min dollar və ya 27,7 faiz, miqdar ifadəsində isə 199 min 650 ton və ya 30,6 faiz artıb.
1 ton buğdanın idxalına xərclənən məbləğ 223 dollardan 218 dollara düşüb.
Kənd Təsərrüfatı Nazirliyindən "Cümhuriyət” qəzetinə verilən məlumata görə, bu il əsas taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və ümumilikdə ölkə üzrə 3 milyon 228 min 330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Taxıl Fondunda nə qədər taxıl ehtiyatının olması barədə məlumatın açıqlanmasını dövlət sirri hesab edir.
Dövlət Statistika Komitəsinin 2018-ci ildə açıqladığı hesabata, əsasən, taxıl istehsalında və idxalında ciddi dəyişiklik olmayıb. 2017-ci ildə taxıl istehsalı 150 min tona yaxın, idxalsa 270 min tona yaxın azalıb. 2017-ci ildə taxıl idxalı son 6 ilin minimum səviyyə enib. Məlumata, əsasən, 2017-ci ildə ölkəmizdə 5,724 milyon ton taxıl ehtiyatı yaradılıb.
Bunun 1,488 milyon tonu 2016-cı ildən qalıq, 2,808 milyon tonu 2017-ci ildə istehsal edilən taxıl məhsulu, 1,427 milyon tonu idxal edilən taxıl məhsulları olub.
Məlumat üçün bildirək ki, 2019-cu ilin ilk 6 ayında nə qədər taxılın istehlak edilməsi ilə bağlı məlumatlar hələlik məlum deyil.
Müstəqil ekspertlər hesab edir ki, ölkəmizdə istehsal olunan taxıl məhsullarından daha çox mal-qara, quş yemi üçün istifadə olunur. Yəni Azərbaycanda istehsal olunan buğda ərzaq buğdası kimi yararsızdır. Aidiyyəti qurumlarla əlaqə saxlayıb sözügedən məsələyə cavab almaq istəsək də konkret nəticə əldə edə bilmədik.
Cari ildə 3 milyon 228 min 330 ton taxıl yığılıbsa və istehlakda son 3 ildə ciddi artım olmayıbsa, idxal artımının səbəbi açıq olaraq qaldı.